Qış yuxusu | Kış uykusu

  • Kino

“Əgər insanlar sənə mane olursa, onda yaşamağa dəyməz. 
İnsanlardan qaçmaq elə intihardır”


Ceylanın üç saat on altı dəqiqə davam edən yuxusunun — filminin qəhrəmanları hamısı bir-birindən qaçır. Qaçır, qaçır və intihar edirlər. Ömrünün 20 ildən çoxunu teatra həsr etmiş Aydın indi soyuq Kapadokiya dağlarında açdığı otellə dolanır. Otelin adı – “Otello” təsadüfi seçilməyib. Tez-tez sitat gətirdiyi Şekspir qəhrəmanı kimi Aydın da gənc və ağbəniz arvadı Nihalı — Dezdemonanı möhkəm qısqanır. Get-gedə ərindən soyuyan Nihal heç kəsə lazım olmayan xeyriyyə işləriylə məşğuldur. 

Ceylanın qəhrəmanları həmişə vicdan, xeyriyyə, incəsənət, adət-ənənə, iman və mərhəmət kimi böyük anlayışların arxasında gizlənirlər. Amma Şekspir demişkən, vicdan qorxaqların sevdiyi sözdür. Əyyaş ərindən boşanıb qardaşı Aydının yanına gələn Necla isə hamını iynələyə-iynələyə ətrafdakıları öz depressiyasına yoluxdurmaqla məşğuldur. 

Aydının kirayə verdiyi evlərdə yaşayan məscid imamı Hamdi, qardaşı İsmayıl və ailəsi Dostoyevskinin əzilmiş, alçaldılmış obrazlarıdır. İsmayıl və oğlu “Karamazov qardaşları”ndakı Nikolay və İlyuşa Snegiryevləri xatırladır. Filmin sonlarında İsmayıl eynilə Nastasya Filippovna (“İdiot”) kimi Nihalın gətirdiyi bir qalaq pulu sobada yandırır. Əlbəttə, Ceylan “Qızıl palma budağı”nı adi ailə münaqişəsini kinoya gətirdiyinə görə almayıb. 

 Heç Dostoyevski də belə bir süjetə görə klassik elan olunmazdı. “Qış yuxusu” türk intellektualının keçirdiyi ağır mənəvi böhran haqdadır. Dildə qəhrəman, əməldə passiv olan Aydın rejissor Ceylanın özünə çox bənzəyir. Bütün hikkəsini heç kəsin oxumadığı əyalət qəzetindəki köşəsinə tökən aktyor Gəzi hadisələri zamanı bitərəf qalan rejissoruxatırlatmaya bilməz. 

Çexovun Vanya dayısı professor Serebryakovu Allah bilir, ancaq professorun gerçək simasını görəndən sonra həyatının mənasını itirir. Bir zamanlar Aydının böyük insan və böyük sənətkar olacağına inanan Necla və Nihalın da bu ceylansayağı Serebryakovda yanılması uğursuz sənətkarı kasıb qonşuların nifrətindən çox ağrıdır. Çünki Allah ola bilməmək Aydına vicdansız insan kimi yaşamaqdan qat-qat artıq əzab verir. Fonda səslənən melodiya Şubertin son əsəridir. 20-ci sonata faniliyi və ölümü simvolizə edir. 

Film ekranlara yenicə çıxanda Avropa mətbuatı yazırdı ki, Ceylan insan psixologiyasını İnqmar Berqman kimi ustalıqla araşdırıb. Bu məsələdə aktyorların və mətnin xidməti böyükdür. “Qış yuxusu”nda Haluk Bilginər nəinki özünün kino karyerasının, hətta türk kinosunun ən yaxşı rollarından birini yaradıb. Bu baxımdan “Qış yuxusu” təkcə Ceylanın yox, Bilginərin də şah əsəridir.
 
“Qış yuxusu” Tarkovskinin “Kino ədəbiyyatın xarabalıqları üzərində yaranır” fikrinin növbəti təsdiqidir. Çexovun əyalət girdabı, Tolstoyun mənəvi təbəddülatları, Dostoyevskinin zirzəmisi, Şekspirin amansız sualları – hamısı bu 200 dəqiqəlik yuxu-filmdə var. “Qış yuxusu” baş verməyən hekayət və olmayan hadisə haqda filmdir. Hər üç qəhrəman İstanbula can atır, amma Çexovun üç bacısı kimi mərkəzə heç cür gedib çıxa bilmirlər. Köməyə tələsirlər, amma əllərindən heç nə gəlmir.

Qərib adlı kənddə işləyən gənc müəllimələrin yazdığı məktubu oxuyub təsirlənən Aydın kəndin yanından keçəndə dayanmır. “Pisliyə pisliklə cavab verməmək” prinsipi iləyaşayan Necla qırılan iki stəkanın davasını aparır. Ərinin köməyini rədd edən Nihal onun himayəsi olmadan yaşaya bilmir. Filmin mahiyyəti Aydının bacısı və arvadıyla dialoqlarında açılır. Onlar bütün kinlərini, qəzəblərini Aydının içinə yükləyirlər. Elə bu əhvalla da İstanbula getmək üçün stansiyaya yollanan baş qəhrəman fikrindən daşınıb dostu Suavinin fermasına dönür. Filmin məhz bu sonuncu epizodundan – Aydın-LeventSuavi dialoqundan sonra Aydının qusması onun illər boyu içinə yığılmış zəhərdən qurtulmasını simvolizə edir.



Düşünürsən ki, film burada bitəcək, amma yox. Xeyli pul xərcləyib aldığı atı azadlığa buraxan Aydın ovda vurduğu ağ dovşanla evə qayıdır. Qəhrəman yol gələ-gələ xəyalən həyatının ən sanballı əsərini – arvadına məktubunu yazır. Aydın “danışır”, maşının pəncərəsindən isə ucsuz-bucaqsız Kapadokiya dağları görünür. Nihal da xəyalən ərinin məktubunu oxuyur. O, bütün hikkəsini udub, Aydını gözləyir. Onlar xoşbəxt olmayacaqlar– Çexovun, Dostoyevskinin, Şekspirin qəhrəmanları kimi. Aydınla Nihal bir yerdə yaşayacaq, yandırdıqları ocağın kömürünü qarışdıracaqlar. Belə soyuqda dağda ocağı söndürmək olmaz...

P.S: Film 2014-cü ildə Kann film festifalında «Qızıl palma budağı» mükafatına laiq görülmüşdür. 

 

Mənbə: «Film Fiction» jurnalı 

 

0 şərh